{titlepost}
Cəmiyyət
Dünən, 14:15

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub

İyunun 5-də Yasamal Rayon Prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq qapı” günü və “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib.

Ekomuhit.org xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, şəffaflığın təmin olunması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.

“Açıq qapı” günü çərçivəsində iştirakçılar Yasamal Rayon Prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə ediblər. Həmçinin “Elektron prokurorluq” informasiya sisteminin imkanları və müasir kriminalistik avadanlıqların istintaq prosesində tətbiqi barədə əyani təqdimatlar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yasamal rayon prokuroru Elman Süleymanov bildirib ki, belə görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqun inkişafına, hüquqi biliklərin artırılmasına və prokurorluq orqanlarına ictimai etimadın möhkəmlənməsinə xidmət edir. O, həmçinin rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə məlumat verib.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aparılan rəqəmsal transformasiya, “Elektron prokurorluq” sisteminin imkanları və ictimaiyyətlə kommunikasiyanın təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, şəffaflıq və vətəndaşyönümlülüyün əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Daha sonra keçirilən seminar çərçivəsində “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusu müzakirə olunub. Elman Süleymanov əmək hüquqlarının qorunması sahəsində görülən işlər və qanun pozuntularına qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyűk prokuroru Elşad Ağayev əmək hüquqlarının pozulması halları üzrə müraciətlərə baxılması, hüquqların bərpası istiqamətində görülən tədbirlər və profilaktik fəaliyyət barədə çıxış edib.

Seminar zamanı media və vətəndaş cəmiyyəti institutlarının bu sahədə rolu, əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi və hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir interaktiv formatda davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.