Torpaq sadəcə üzərində yaşadığımız məkan deyil. Torpaq yaddaşdır, yurddur, Vətəndir. O, gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli əmanətdir. Ətraf mühit uğrunda mübarizə, eyni zamanda, Vətən, insan sevgisidir, öz torpağına, suyuna, havasına və gələcək nəsillərinə sahib çıxmaq iradəsidir. COP31 Sədrliyi olaraq biz hər addımımızda məhz bu anlayışla hərəkət edəcəyik. Xüsusilə Bakı Maliyyə Məqsədi başda olmaqla, COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik.
Ekomuhit.org xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in sədri Murat Kurum Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirə videomüraciətində deyib.
O bildirib ki, çoxtərəfli sistemin etibarlılığı yalnız hədəflər müəyyən etməklə deyil, verilən vədlərin yerinə yetirilməsi, qəbul edilən qərarların praktikada tətbiqi və insanların həyatına toxunan konkret nəticələrin əldə olunması ilə təmin edilir. Həmin yanaşma ilə COP31 yalnız yeni öhdəliklərin müzakirə edildiyi bir zirvə olmayacaq. COP31 tətbiqin, əməkdaşlığın və konkret nəticələrin ön plana çıxdığı bir tədbir olacaq. Çünki dünya artıq, sadəcə, yeni vədlər eşitmək deyil, verilən vədlərin həyata keçirildiyini görmək istəyir.
“Bu uğurun açarı isə cəmiyyətin bütün təbəqələrinin prosesdə iştirakıdır. Hökumətlərdən yerli idarəetmə orqanlarına, özəl sektordan akademik dairələrə, gənclərdən qadınlara, vətəndaş cəmiyyətindən maliyyə dünyasına qədər hər kəsin bu transformasiyanın bir hissəsi olmasının vacibliyinə inanırıq. Biz COP31-i ortaq məsuliyyətin, güclü əməkdaşlıqların, etimadı möhkəmləndirən iqlim diplomatiyasının və konkret fəaliyyətin qovuşduğu platforma kimi görürük. İnanırıq ki, gələcəyi dəyişdirəcək amil problemlərin böyüklüyü deyil, ortaq iradənin gücüdür. Bu fürsətdən istifadə edərək, sizi Aralıq dənizinin incisi Antalya şəhərində keçiriləcək COP31-ə dəvət edirəm. Noyabr ayında sizi ölkəmizdə qəbul etməkdən böyük məmnunluq duyacağıq", - deyə Murat Kurum diqqətə çatdırıb.