Paytaxtın Ramana qəsəbəsində asfalt örtüyünün çökməsi ilə bağlı sürücülər yenidən redaksiyamızın qaynar xəttinə müraciət ediblər. Ekomuhit.org xəbər verir ki, bir müddət əvvəl Ramana–Maştağa (Şuşa–Malıbəyli) yolunun bir neçə hissəsində dərin çuxurların yaranması sürücülərin narazılığına səbəb olmuşdu. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin çuxurları asfaltla dolduraraq problemi müvəqqəti aradan qaldırdı.
Lakin sürücülərin sözlərinə görə, təmir olunan hissələrdə yenidən çökmələr və dərin çuxurlar əmələ gəlib. Onlar bildirirlər ki, yolun bu vəziyyəti avtomobillərə ziyan vurur və çuxurlardan yayınmağa çalışan sürücülər əks hərəkət zolağına çıxmaq məcburiyyətində qalırlar ki, bu da qəza riskini artırır.
Bundan əlavə, ərazidə süni işıqlandırmanın olmaması gecə saatlarında vəziyyəti daha da təhlükəli edir. Çuxurlar barədə əvvəlcədən məlumatı olmayan sürücülər ora düşərək maddi ziyanla üzləşirlər. Bəziləri isə maneədən yayınmağa çalışarkən təhlükəli manevrlər edirlər. Bu isə yolda hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə pozur.