Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Abbas Səhhət küçəsində yaşayan sakinlər məhəllənin girişində yerləşən zibillikdən şikayətçidirlər.
Beləki, ərazidə məişət tullantılarının vaxtında daşınmaması sakinlərin narazılığına səbəb olub. Kadrlardan da görünür ki, zibil konteynerləri tam dolduğundan tullantılar onların ətrafına atılır. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır, xoşagəlməz qoxu yayılır və ətraf mühit çirklənir.
Sakinlərin sözlərinə görə, problem təkcə zibillə bağlı deyil. Onlar küçədəki ağacların da budanmasını xahiş edirlər. Bildirilir ki, ağacların iri budaqları həddindən artıq uzanaraq həm yolun hərəkət hissəsinə, həm də avtomobillərin saxlandığı əraziyə doğru əyilib. Küləkli hava şəraitində budaqların qırılaraq avtomobillərə ziyan vurması və insanların xəsarət alması təhlükəsi yaranır.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidəki tullantı probleminin aradan qaldırılmasını, zibil konteynerlərinin vaxtında boşaldılmasını və ağacların budanaraq təhlükənin aradan qaldırılmasını xahiş edirlər.